Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Peşə təmayüllü siniflər layihəsinin birgə təşkilatçılığı ilə 23 aprel 2026-cı il tarixdə Şəki Dövlət Regional Kollecində Şəkinin şəhər və kənd məktəblərinin Peşə təmayüllü sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində Ulu Öndərimizin müstəsna rolu və misilsiz xidmətləri olub. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında gənclərin təhsili, intellektual inkişafı və potensialının üzə çıxarılması sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məhz Ulu Öndərimizin müəyyən etdiyi strateji kursun davamı olduğunu vurğulayıb. Sədr müavini tədbirin keçilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və irsinin daha da dərindən öyrənilməsi olduğunu, bu cür tədbirlərin keçirilməsinin gənc nəslin dünyagörüşünün formalaşması, onların bilik və bacarıqlarının inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.
Şəki Dövlət Regional Kollecin direktor müavini Rafiq Səmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, Ulu Öndərin irsinin öyrənilməsi və təbliğ edilməsi hər bir vətəndaşın borcudur və belə tədbirlərin də keçirilməsi məhz bu məqsədə xidmət edir. İntellektual oyunda iştirak edən şagirdlərə uğurlar arzulayan direktor müavini bu tədbirin digər məqsədinin də məktəb və şagirdlər arasında daha sıx əlaqələrin qurulması olduğunu bildirib.
İntellektual oyunun koordinatoru, Peşə təmayüllü siniflər layihəsinin Şəki rayon Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin qrup rəhbəri, intellektual oyunların təşkilatçısı və iştirakçısı Kamran İsayev layihə və oyunun qaydaları haqqında iştirakçılara məlumat verib.
Gərgin intellektual mübarizə şəraitində keçən oyunda iştirakçılara ümumilikdə 36 sual təqdim olunub. Sualların cavablandırılması nəticəsində qaliblər aşağıdakı ardıcıllıqla müəyyənləşib:
Birinci yer: 36 sualdan 18-ni düzgün cavablandıran 12 nömrəli tam orta məktəbin komandası;
İkinci yer: 16 xal və 301 reytinq xalı ilə 7 nömrəli tam orta məktəbin komandası;
Üçüncü yer: 16 xal və 294 reytinq xalı ilə Qoxmuq kənd tam orta məktəbinin komandası.
Sonda yer tutan komandalara diplom və medallar, qalib komandaya kubok təqdim edilib.
İntellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək, onlarda komanda ruhunu aşılamaq və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini gənc nəsil arasında təbliğ etməkdir.
@Bütün hüquqlar qorunur - 2023.